Polimeraz zəncir reaksiyası
Polimeraz zəncir reaksiyası (PZR) (ing. polymerase chain reaction, PCR) — biokimya və molekulyar biologiya sahələrində DNTnin, E.coli və ya maya kimi hərhansı bir canlı orqanizm istifadə edilmədən sadəcə ferment vasitəsilə külli miqdarda çoxaldılması üçün istifadə edilən metoddur. PZR çağdaş genetik mühəndisliyinin əsas metodlarından biri sayılır və molekulyar genetikanın inkişafında böyük rol oynamışdır. Kari Mullis tərəfindən 1983-cü ildə icad edilən metod, ona Nobel mükafatını qazandırıb.
Metod DNT-nin müəyyən region və ya regionlarının süni şəraitdə (orqanizmdən kənarda)(in vitro) DNT polimeraz fermenti vasitəsilə müəyyən nahiyəni seçərək təkrar təkrar kopyalanması prinsipinə əsaslanır. Adətən PZR metodu ilə 10 kb (kilo əsas cütü) böyüklüyə qədər DNT çoxaltmaq mümkündür, ancaq bəzi metodlar 40 kb uzunluqda hissənin çoxaldılmasına belə imkan verir.
Ən sadə PZR metodunun tətbiqi üçün aşağıdaki komponentlər lazımdır:
İçində çoxaldılmaq istənilən regionu saxlayan DNT.
Regionun sonlarına tamamlayıcı olan iki növ praymer.
İstiliyə davamlı DNT polimeraz fermenti.
Dörd növ dezoksiribonukleotid fosfat (A, G, C, T)
Fermentin çalışması üçün optimal şərait yaradan bufer məhlulu.
Divalent kation, {adətən maqnezium ancaq manqan da istifadə oluna bilər}.